WUF13 Könüllülük Proqramına qeydiyyat bağlanıb
15 dekabrdan etibarən qeydiyyat və ilkin seçim mərhələsindən uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Operativ Media xəbər verir ki, müsahibələr zamanı hər bir namizəd bilik, bacarıq və motivasiyası əsasında qiymətləndiriləcək.
“Qeydiyyat prosesinə göstərdiyiniz böyük maraq üçün təşəkkür edirik. WUF13-də görüşərik!”,- məlumatda qeyd edilib.
Müsahibələri uğurla başa vuran namizədlər 2026-cı ilin yanvar-aprel aylarında keçiriləcək təlim proqramına cəlb olunacaqlar. Təlim proqramı ümumi məlumatlandırma, funksional vəzifələrin bölgüsü və Forum məkanlarına hazırlıq məsələlərini əhatə edəcək.
Forum dövründə WUF13 könüllüləri qonaqların qarşılanması, qeydiyyat, informasiya təminatı, sessiya və sərgi zonalarında təşkilati işlərin icrası, eləcə də mədəni proqramların həyata keçirilməsində iştirak etməklə tədbirin səmərəli təşkilinə dəstək verəcəklər.
WUF13 Könüllülük Proqramı gənclərin liderlik bacarıqlarını inkişaf etdirməyə, innovativ düşüncələrini təşviq etməyə və beynəlxalq təcrübə qazanmaq imkanları yaratmağa xidmət edən inklüziv platforma kimi ölkənin qlobal tədbirdə təmsilçiliyinə əhəmiyyətli töhfə verəcək.
Qeyd edək ki, 2026-cı ilin 17–22 may tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyası (WUF13) “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu altında keçiriləcək və şəhərlərin gələcəyinə dair strateji müzakirələrə ev sahibliyi edəcək.
Məlumat üçün bildirək ki, WUF13 Könüllülük Proqramı ilə bağlı əlavə suallar üçün [email protected] elektron poçt ünvanı və çağrı mərkəzi (012 535 26 26) fəaliyyət göstərir.